Şahin Fazilin “Qubanamə”
kitabının təqdimatı keçirildi
11 fevral 2026-ci il
tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda görkəmli
tarixçi alim və şair Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirilib.
Tədbiri elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq Şahin
Fazilin zəngin elmi və ədəbi fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, Şahin
Fazil Azərbaycan tarixşünaslığında özünəməxsus dəst-xətti ilə seçilən alimdir.
Onun tədqiqatları faktlara söykənməklə yanaşı, milli düşüncə və vətənpərvərlik
ruhu ilə yoğrulub. İlqar Niftəliyev deyib ki, “Qubanamə” xalqın yaddaşını,
keçmişini və mənəvi dəyərlərini yaşadan ədəbi salnamədir. Onun sözlərinə görə,
müəllif tarixlə poeziyanı ustalıqla birləşdirərək oxucunu həm düşündürür, həm də
duyğulandırır.
Tədbir zamanı Şahin
Fazilin həyat və yaradıcılığını əks etdirən qısa videoçarx nümayiş olunub.
Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb, alimin keçdiyi ömür yolu
və yaradıcılıq mərhələləri duyğusal anlar yaradıb.
Daha sonra Ülviyyə
Şahin qızı “Quba sözlə yazıldı – Qubanamə” mövzusunda çıxış edərək atasının
yaradıcılığı haqqında fikirlərini bölüşüb. O bildirib ki, “Qubanamə” yalnız ədəbi
əsər deyil, həm də mənəvi borcun, torpağa bağlılığın ifadəsidir. Ülviyyə Şahin
qızı atasının elmi və ədəbi irsinin gələcək nəsillər üçün dəyərli bir xəzinə
olduğunu vurğulayıb. Çıxışının sonunda o, tədbirin təşkilinə görə Tarix və
Etnologiya İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.
Təqdimatda şair Ramiz
Qusarçaylı “Min illərin Şahin Fazili” mövzusunda çıxış edərək müəllifin
poeziyasındakı dərinlikdən və zamanlararası körpü yaradan yaradıcılıq gücündən
danışıb. O deyib ki, Şahin Fazilin sözü keçmişlə bu günü birləşdirən mənəvi
bağdır.
Tarix elmləri doktoru,
professor Eynulla Mədətli “Şahin Fazilin şeirlərində Ramiz Qusarçaylı fenomeni”
mövzusunda maraqlı təhlillər apararaq poeziyada qarşılıqlı təsir və ədəbi
mühitin rolundan bəhs edib.
Tarix elmləri doktoru,
dosent Vaqif Abışov “Şahin Fazilin tədqiqatlarında tarixi mövzular” adlı
çıxışında müəllifin elmi araşdırmalarının əhəmiyyətini vurğulayıb, onun tarixi
mənbələrə yanaşma üslubunu yüksək qiymətləndirib.
Şahin Fazilin
yaradıcılığındakı “Tarix yalnız keçmiş deyil – o, sözlə yaşadılan
yaddaşdır”-sözlərinə istinad edən tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh
Hüseyn isə “Vətənə vurğun Şahin Fazil” mövzusunda çıxış edərək müəllifin
yaradıcılığında vətən sevgisinin aparıcı xətt olduğunu bildirib.
Tədbir institutun dəhlizində
təşkil olunan çay süfrəsi arxasında səmimi fikir mübadiləsi ilə davam edib.
______________
İctimaiyyətlə əlaqələr
şöbəsi
070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar
qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir