Siyasi Mühacirlərin I
Ümumittifaq Türkoloji Qurultaya Münasibətləri: Mustafa Şokay
Mühacirətdə olan türk
ziyalılarının 1926-cı il Bakı Türkoloji Qurultayına münasibəti ayrıca maraq
doğurur. Çünki onların bir çoxu türk xalqlarının dillərinin və milli dəyərlərinin
qorunması uğrunda mübarizə aparırdı. Bu ziyalılardan biri də görkəmli qazax
siyasi xadimi, publisist, türk və Türküstan milli hərəkatının ideoloqu,
1917–1918-ci illərdə Türküstan (Kokand) Muxtariyyətinin lideri olmuş Mustafa
Şokay idi. Muxtariyyətin süqutundan sonra Mustafa Şokay siyasi mühacirətə
getmiş, Türkiyə, Almaniya və Fransada yaşamışdı. O, bolşeviklərin milli siyasətinin
ardıcıl tənqidçisi, türk xalqlarının demokratik əsaslar üzərində mədəni və
siyasi yaxınlaşmasının tərəfdarı olmuşdur. Təbii ki, Mustafa Şokay 1926-cı il I
Ümumittifaq Türkoloji Qurultayının iştirakçısı olmayıb. Çünki həmin vaxt o
artıq mühacirətdə yaşayır və sovet hakimiyyəti tərəfindən “xalq düşməni” elan
edilmişdi. Qurultaya ayrıca bir məqalə həsr etməsə də, Mustafa Şokay müxtəlif
yazılarında bu mötəbər tədbirə rejimdən narazı olan bir siyasi mühacir kimi
toxunmuşdu. O, 1926-cı il mayın 4-də Parisdə çap etdirdiyi “Qızıl-Ordalı
leninçilər” adlı məqaləsində Ağamalıoğlunu “latinizmin atası” və “marksizmin
başıpozuğu” adlandırıb, Qurultay iştirakçılarını isə tənqid edib, bəzən də təhqir
etmişdi.
AZƏRTAC xəbər verir
ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun
“Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin
rəhbəri, türkoloq Güllü Yoloğlunun “Siyasi Mühacirlərin I Ümumittifaq Türkoloji
Qurultaya Münasibətləri: Mustafa Şokay” adlı məqaləsində yer alıb. Məqaləni təqdim
edirik.
Birincisi, Ağamalıoğlu
“latinizmin atası” olmayıb. Bu ideyanın müəllifi Vladimir Lenin idi. İkincisi,
ona “marksizmin başıpozuğu” demək də doğru deyil. Səməd ağa Həsən oğlu
Ağamalıoğlu Azərbaycan Demokratik Respublikasının parlamentində “Hümmət”
partiyasının menşevik qanadını təmsil edib, Azərbaycanda əlifba islahatının həyata
keçirilməsinə rəhbərlik edib. O, çətin illərdə öz xalqını tərk etməyib, yeni şəraitdə
heç olmasa müəyyən qədər kömək göstərməyə çalışıb.
Mustafa Şokay
“Qızıl-Ordadan olan leninçilər” məqaləsində qırğız (o illərdə qazaxlara
“qırğız” deyirdilər) nümayəndə heyətini də təhqir edərək onları “kəmsavad”
adlandırırdı: “...Yazının öz prinsipindəki bu “ziddiyyət” (ərəb əlifbası ilə
sağdan sola yazı) qırğızlardan olan kəmsavad kommunistlərimizi çox
qıcıqlandırırdı”.
Burada “kəmsavad
kommunistlər” deyərkən, Akademik Mərkəzin nümayəndəsi Əhməd Baytursunu, əməkdaş
İldes Omarovu, üzv Əziz Bay-Seydullini, müəllim Bilal Süleyevi və jurnalist
Nazir Törəkulovu nəzərdə tuturdu. Halbuki cəmi bir neçə ay əvvəl yazdığı
“Oyanış” məqaləsində Mustafa Şokay qeyd edirdi: “Yalnız cinayətkar fanatiklərin
və isti yerlər axtaranların ağlına Bukeyxanov və Baytursunovun qırğız xalqının
düşməni olduğu kimi küt və alçaq bir fikir gələ bilər”.
O, daha sonra yazırdı:
“Bakı Türkoloji
Qurultayı başa çatdı. Burada iri elmi adlarla yanaşı, yeganə “elmi” yükü
kommunist “nəhənglərinin” köhnəlmiş aforizmlərini əzbərləməkdən ibarət olan kəmsavad
diletantların və sadəcə nadanların iştirakı qurultayı elmi çəkisindən məhrum
etdi. Əlifba haqqında qətnamənin səsə qoyulması zamanı türkiyəli professorların
bitərəf qalması isə qəbul edilmiş qərarın türk xalqlarının gözündə nüfuzuna son
dərəcə ciddi zərbə vurdu. Məhz buna görə də bu gün Türkoloji Qurultaya
“Moskvanın təşəbbüsü” kimi baxılır”.
Bəli, bu, Moskvanın təşəbbüsü
idi. Lakin türk xalqlarının nümayəndələri Türk dünyasının bütün guşələrindən
Bakıya toplaşmışdılar. Onların bir çoxu tanınmış alim olmasa da, böyük bir
missiyanın daşıyıcıları idilər. Erməni Q. Acaryan da daxil olmaqla, cəmi bir
neçə nəfər repressiyadan kənarda qaldı. Qalanlar yalnız bu Qurultayda iştirak
etdiklərinə görə repressiya qurbanına çevrildilər.
Bu vətənpərvər
insanları “kəmsavad diletantlar, nadanlar” adlandırmaq, vaxtilə əsasən kəmsavad
xalqlara liderlik etmiş bir şəxsə yaraşmırdı.
(Ardı var)