20 Yanvar – milli
qürur tariximiz
19 yanvar 2026-cı il
tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 20 Yanvar
faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar – Milli Qürur Tariximiz”
mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan
xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Dəyirmi masanı giriş
sözü ilə açan Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor
müavini, tarix elmləri doktoru İlqar Niftəliyev 20 Yanvar faciəsinin Azərbaycan
tarixində yerinə toxunub. O, bu faciənin yalnız qanlı bir hadisə deyil, eyni
zamanda xalqımızın milli azadlıq iradəsinin, müstəqillik əzminin parlaq təzahürü
olduğunu vurğulayıb. Tarix elmləri doktoru İlqar Niftəliyev deyib ki, 20 Yanvar
hadisəsi Azərbaycan xalqının sovet imperiyasına qarşı apardığı azadlıq mübarizəsində
dönüş nöqtəsi olub, milli oyanışın güclənməsinə gətirib çıxarıb.
Tədbirdə “Azərbaycanın
sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram
Ağasiyev “20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi” mövzusunda çıxışında
faciənin tarixi-siyasi səbəblərini, nəticələrini və milli yaddaşda tutduğu yeri
ətraflı təhlil edib.
“Tarixin nəzəriyyəsi,
mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent
Vaqif Abışov “20 Yanvar: reallıqlar və uydurmalar” mövzusunda məruzəsində hadisələrlə
bağlı dolaşan yanlış təsəvvürlərə elmi arqumentlərlə aydınlıq gətirib.
“Azərbaycanın sovet
dövrü tarixi” şöbəsinin elmi işçisi Aybəniz Osmanova “20 Yanvarın alim şəhidləri”
mövzusunda çıxış edərək faciə zamanı şəhid olmuş elm xadimlərinin xatirəsini
yad edərək onların Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.
“Azərbaycanın sovet
dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Raisə Cəfərova “Azadlıq hərəkatının 20 Yanvar zirvəsi” adlı çıxışında 20 Yanvar
hadisələrinin ümummilli azadlıq hərəkatının kulminasiya nöqtəsi olduğunu deyib.
Tarix üzrə fəlsəfə
doktoru, dosent İlham Həsənov isə “Poeziyamızda 20 Yanvar şəhidləri” mövzusunda
məruzə ilə çıxış edərək Azərbaycan ədəbiyyatında 20 Yanvar faciəsinin bədii əksini,
şəhidlik mövzusunun poeziyada ifadə forma və üsullarını diqqətə çatdırıb.
Dəyirmi masa zamanı
iştirakçılar 20 Yanvar faciəsinin elmi cəhətdən dərindən öyrənilməsinin, tarixi
həqiqətlərin gənc nəsillərə düzgün çatdırılmasının və milli yaddaşın
qorunmasının vacibliyini vurğulayıblar.
______________
İctimaiyyətlə əlaqələr
şöbəsi
070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar
qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir